REGİONLAR
Azərbaycanda dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan dini cəhətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Goranboyda Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyev sivilizasiyalar, dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib.
S.Salahlı, eyni zamanda, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib.
N.Quliyev bildirib ki, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.