REGİONLAR
“İslam Həmrəyliyi İli”nin elan olunması İslam birliyinə həssas münasibətin göstəricisidir
Ağsu, 25 aprel, AZƏRTAC
Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilatda İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Bir sıra müsəlman ölkələrində məzhəb savaşının, radikalizmin tüğyan etdiyi bir vaxtda İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər təşəbbüs olmaqla, ölkəmizin İslam birliyinə həssas münasibətinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 25-də Ağsu Rayon Mərkəzi kitabxanasında “İslam Həmrəyliyi İli” ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınağından çıxmış modeldir. Azərbaycan xalqı İslamın gözəlliyini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Hüquqi, dünyəvi dövlət olan Azərbaycanda dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir.
Tədbirin sonunda iştirakçılar mövzu üzrə hazırlanan kitab sərgisi ilə tanış olublar.