REGİONLAR
Azərbaycanda dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır
Masallı, 28 iyul, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin yaranmasının 21-ci ildönümü ilə əlaqədar gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan yaradıb. Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, bu sahədə dövlət proqramlarının, "Dövlət gənclər siyasəti haqqında" fəaliyyət proqramının təsdiq edilməsi dövlətin gənclərə diqqət və qayğısının bariz nümunəsidir.
Dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, onların ailə, məişət, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı ölkə başçısının imzaladığı sərəncamlarla qəbul edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” və “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası” bu sahədə mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, bu gün Azərbaycanda dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Məhz bu diqqət gənclərimizin fəallığını günü-gündən daha da artıraraq onların yeni nailiyyətlər əldə etməsinə şərait yaradır.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisi Emin Nüsrətov, Güllütəpə kənd tam orta məktəbinin idman müəllimi Qoşqar Səmədov, fəxri bədən tərbiyəsi və idman işçisi Tahir Məmmədov, rayon uşaq şahmat məktəbinin direktoru Famil Məmmədov, Əməkdar məşqçi Xanağa Quluyev və gənclərin nümayəndələri gəncləri əlamətdar gün münasibətilə təbrik ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna qiymətli hədiyyələr verilib.