İQTİSADİYYAT
Azərbaycanda dövlət qeydiyyatına alınan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin sayı 8-ə çatıb
Bakı, 6 iyul, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirləri davam etdirir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 74 ünvanında yerləşən 15 mərtəbəli, 3 bloklu, 112 mənzilli binada rayon üzrə növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq qeydiyyat orqanında "Yasamal-4" MMMC adı ilə dövlət qeydiyyatından keçib. Bununla da respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı artıq 8-ə çatıb. Eyni zamanda, hazırda paytaxt və respublikanın digər şəhərlərində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.