CƏMİYYƏT
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənəcək
Bakı, 26 noyabr, Aidə Quluzadə, AZƏRTAC
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti Səhiyyə Nazirliyi vasitəsilə dövlət tərəfindən tənzimlənəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin sosial siyasət komitəsinin noyabrın 26-da keçirilmiş iclasında “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsinə dair qanun layihəsinin müzakirəsi zamanı məlumat verilib.
Komitənin sədri Hadı Rəcəbli bildirib ki, Qanunda “dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi” sırasına yeni 4.1.5-ci - “dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi” maddəsi əlavə edilir. Eyni zamanda, Qanuna yeni 4.6-cı maddə də əlavə edilir ki, burada dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulur. Bildirilib ki, əsas məqsəd dərmanlara fərqli qiymətlərin qoyulmasının, ayrılan vəsaitin səmərəsiz istifadəsinin qarşısını almaqdır. Qanun layihəsi bu işin mərkəzləşdirilmiş bir formada həyata keçirilməsini nəzərdə tutur.
İclasda, eyni zamanda, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb. Bildirilib ki, dəyişikliyə əsasən evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün bu Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılacaq.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.