CƏMİYYƏT
Azərbaycanda ədliyyə sisteminin davamlı inkişafı ilə bağlı layihənin təqdimatı keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” texniki yardım layihəsinin təqdimatı ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev, Məhkəmə-Hüquq Şurasının üzvü Xəqani Tağıyev çıxış edərək layihənin həyata keçirilməsinin ədliyyə sektorundakı islahatlara dəstək baxımından əhəmiyyətindən danışıblar.
Çıxışlarda Azərbaycanın Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa önəm verdiyi, bu qurumla birlikdə ədliyyə sahəsində uğurlu beynəlxalq layihələrin həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, layihə Aİ ilə hərtərəfli tərəfdaşlığın yaxşı nümunəsidir. Aİ ilə birlikdə belə layihələrin həyata keçirilməsi Azərbaycanın hüquqi dövlət və qanunun aliliyi prinsiplərinə sadiqliyini nümayiş etdirilir.
Məlumat verilib ki, Avropa İttifaqının maliyyələşdirdiyi, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində icra ediləcək yeni layihənin məqsədi ölkəmizdə ədliyyə sisteminin davamlı inkişafının dəstəklənməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, hakimlərin peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi və məhkəmə qərarlarını icra edən orqanların fəaliyyətinin daha da təkmilləşdirilməsidir. Layihə çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin dəstəklənməsi, metodologiyaların müəyyənləşdirilməsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, Ədliyyə Nazirliyi fəaliyyətini vətəndaş cəmiyyəti nümayəndələri və nüfuzlu beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq və tərəfdaşlıq şəraitində həyata keçirir. Həyata keçiriləcək layihədə qanunvericilik və beynəlxalq təcrübə baxımından yeniliklər çoxdur. Ədliyyə Nazirliyi bu mühüm sənədin həyata keçirilməsi üçün tədbirlərin keçirilməsinə səy göstərəcək.
Diqqətə çatdırılıb ki, Azərbaycanda məhkəmə-hüquq islahatları qabaqcıl Avropa təcrübəsi nəzərə alınaraq mötəbər qurumlarla əməkdaşlıq şəraitində aparılır və bu sahədə əhəmiyyətli uğurlar qazanılıb. Ölkəmizdə hakimliyə namizədlərin mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydaları tətbiq olunur. Azərbaycanda bu il Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Həyata keçiriləcək layihə ölkəmizdə məhkəmə sisteminin inkişafı və antikorrupsiya fəaliyyəti ilə bağlı dəstək sahəsində önəmli uğurların qazanılmasına kömək edəcək. Korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüslərin iştirakçısı olan Azərbaycanda bu sahə ilə bağlı müvafiq dövlət proqramları icra edilib, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə gerçəkləşdiriləcək layihənin korrupsiyaya qarşı mübarizəyə mühüm töhfə verəcəyi bildirilib.
Sonra Pamela Fahey rəhbəri olduğu layihənin əhatə edəcəyi fəaliyyət istiqamətləri ilə bağlı təqdimatla çıxış edib. Qeyd edilib ki, layihə çərçivəsində penitensiar islahatlara dəstək, probasiya xidmətinin təşkili məsələləri ilə bağlı təlimlərin, seminarların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Təqdimat mərasimində benefisiar təşkilatlarının, müvafiq dövlət qurumlarının, beynəlxalq təsisatların, vətəndaş cəmiyyətinin nümayəndələri, layihənin ekspertləri iştirak ediblər.