İQTİSADİYYAT


Azərbaycanda əhalinin 76,7 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub‬ ‬ VİDEO

‪Bakı, 16 iyun, Elvira Məmmədova, AZƏRTAC

‪Azərbaycanda İKT sahəsinin inkişafı çox vacib prioritet sahələrdən biridir. Ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.‬

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 16-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov “Azərbaycanda genişzolaqlı internetin inkişaf strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda keçirilən konfransda bildirib. ‬

‪T.Məmmədov qeyd edib ki, bu gün dünyada internetə çıxışı olan əhalinin sayı 50 faizə çatmırsa, Azərbaycanda əhalinin 77 faizinin internetə çıxışı var, onlardan 76,7 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub.‬

‪Konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə Akademiyası (BRA) və akademiyanın Azərbaycan bölməsi birgə təşkil edib.‬

Bildirilib ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən, İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. Proqrama əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında “rəqəmli fərqlilik” azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

Konfransda, həmçinin məlumat verilib ki, BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının “Genişzolaqlı rabitənin vəziyyəti” adlı yeni hesabatında daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığına görə dünyada əhalinin yoxsul təbəqəsi üçün internetə çıxış imkanları hələ ki yüksək templə artmır.

Komissiyanın qiymətləndirməsinə görə, dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur. Bununla belə, 2017-ci ilin sonunadək 3.5 milyard (dünya əhalisinin 47 faizi) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.

Daha sonra məruzəçilər ölkəmizdə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.

Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis bildirib ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir. “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”, - deyə o qeyd edib.

Tədbirdə, həmçinin informasiya texnologiyaları üzrə aparıcı mütəxəssislərin, alimlərin “Azərbaycanda genişzolaqlı internetin inkişafı”, “Yeni nəsil şəbəkələrinin (NGN) tədrisə tətbiqi, “Bakı şəhərində internetin inkişafı perspektivləri”, “Azərbaycanın rayon və şəhərlərində internetin inkişafı perspektivləri” və digər mövzularda çıxışlar olub, müzakirələr aparılıb.‬

Konfrans öz işini “İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusunda bölmə iclası ilə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.