CƏMİYYƏT
Azərbaycanda elektroenergetika sahəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də “Azərenerji” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Mərasimdə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vurğulayıb ki, Ulu Öndər rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə Azərbaycanın qüdrətli respublikaya çevrilməsi üçün böyük xidmətlər göstərib, bütün imkanlardan məharətlə istifadə edib. Cənubi Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in əsasının qoyulması, onun enerji bloklarının bir-birinin ardınca istismara verilməsi Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün olub. Ulu Öndər müstəqillik dövründə cəmiyyətin və dövlətin həyatında mühüm və strateji yeri, rolu olan elektroenergetika sahəsinin inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirib. Nəticədə Azərbaycanda elektrik enerjisi qıtlığı aradan qaldırılıb, kifayət qədər elektrik enerjisi potensialı yaradılıb.
Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin sağlam təməllər üzərində yaradılan milli inkişaf strategiyasının yüksələn xətlə inkişaf etdirilməsinə səbəb olduğunu vurğulayan “Azərenerji”nin rəhbəri bildirib ki, dövlət başçısının “Hər bir bölgədə güclü energetika potensialı yaradılmalıdır” prinsipi ilə biz nəinki özümüzü elektrik enerjisi ilə təchiz edə bildik, hətta bu sahədə regionun güc mərkəzinə çevrildik. Heydər Əliyev fenomeni bütün parametrləri ilə örnəkdir. Hər birimiz onun memarı olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda var gücümüzlə bundan sonra da çalışmalıyıq.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə Azərbaycanın müstəqil gələcəyini görərək xalqın milli mənlik şüurunun oyanması və respublikanın iqtisadi asılılığının aradan qaldırılması üçün həyata keçirdiyi tədbirlərdən geniş söz açıb.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ulu öndər Heydər Əliyevin işıqlı həyat yolundan danışıb. Ümummilli Liderin bütün dövrlərdə ən böyük amalının Azərbaycanın tərəqqisi olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndərin misilsiz xidmətləridir ki, milli kadrlar hazırlanıb, dünya şöhrətli mədəniyyət, ədəbiyyat və elm xadimlərimiz tanınıb.
Akademik Arif Həşimov Ulu Öndərin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da inamla və ardıcıllıqla davam etdiriləcəyinə əminliyini ifadə edib. O, bu gün ölkəmizdə qazanılan misilsiz nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.