REGİONLAR
Azərbaycanda əlillər dövlət qayğısı ilə tam əhatə olunublar
Lerik-Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 3-də Lerik Rayon İcra Hakimiyyətində əlillərin bir qrupu ilə görüş keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov xatırladıb ki, BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarına əsasən hər il dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Azərbaycanın BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulduğunu deyən R.Bağırov Prezident İlham Əliyev tərəfindən əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətləri mütəmadi olaraq artırılır, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Son illər bu sahədə Lerik rayonunda da bir sıra işlər həyata keçirilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli olmaqla iki yaşayış binası tikilib, fərdi yaşayış evləri inşa olunub, onlara minik avtomobilləri verilib.
Aprel döyüşlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan danışan R.Bağırov həmin günlərdə müharibə əlillərinin hər an döyüşə hazır olmaları haqqında müraciətlərinin cəmiyyətimizdə böyük rəğbətlə qarşılandığını söyləyib.
Görüşdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, Qarabağ müharibəsi əlillərindən Bəhlul Rəhimov, Arzuman Nəhmətov, Şahin Əhmədov, Zeynal Aslanov, Cəlal Məmiyev və başqaları onlara göstərilən qayğı və diqqəti daim hiss etdiklərini söyləyib, bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
x x x
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü ilə əlaqədar keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, əlaqədar təşkilatların nümayəndələri və əlillər iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrildi. Bu gün dövlətimizin başçısı İlham Əliyev əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Arzuman Hüseynov, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Nahid Rəhimov və başqaları hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edərək, rayonda yaşayan əlillərin sosial problemlərinin həllinə diqqətin artırıldığını bildiriblər.
Qeyd olunub ki, Masallı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzilli üç yaşayış binası tikilərək istifadəyə verilib. Beş nəfər üçün fərdi evlər inşa olunub, iki nəfər üçün isə növbəti il tikiləcək. Altı yaşayış məntəqəsində əlillər üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi tamamlanmaq üzrədir. 63 əlilə pulsuz avtomobil verilib.
Əlillər İlahə Əlibəyli, Sücayət Cəbiyev, Səkinə Bağırova, Nurlan Quliyev, Kamilə Xəlilova və başqaları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.