ELM VƏ TƏHSİL
Azərbaycanda elm və biznes münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir
Bakı, 16 iyun, Xatirə Cəfərova, AZƏRTAC
İyunun 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə mövzunun aktuallığını vurğulayaraq konfransın ölkəmizdə həyata keçirilən iqtisadi islahatların elmi ictimaiyyətin diqqətinə çatdırılması, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərinin dinlənilməsi məqsədilə təşkil olunduğunu bildirib.
Akademik bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə “AMEA Yüksək Texnologiyalar Parkı”nın yaradılması iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına , müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyinin bariz nümunəsidir. Azərbaycan elminin çox böyük potensialı olduğunu deyən A.Əlizadə elm və istehsalat arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda elmin kommersiyalaşdırılması, elm və biznes münasibətlərinin inkişafı çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologıyaların inkişafına öz müsbət töhfəsini verdiyini qeyd edən V.Qasımlı İİTKM-də “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın yaradılmasını vurğulayıb. O, AMEA ilə İİTKM arasında imzalanan əməkdaşlıq haqqında memoranduma əsasən bu tip tədbirlərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dövlət idarəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqindən və bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib.
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov “Liberal iqtisadi islahatlar və innovativ inqilab: asılılıqlar” mövzusunda məruzə edib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, “ASENA” şirkətinin baş direktoru Vahid Hümmətov, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev Azərbaycanda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyətindən danışıblar. Çıxışlarda Azərbaycan elminin dünyada baş verən elmi texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyaların və innovasiyanın inkişafına diqqət artırılmasının vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.