İQTİSADİYYAT


Azərbaycanda epidemioloji nəzarət sistemi gücləndirilir

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində dövlət baytarlıq nəzarəti xidmətinə dəstək" adlı "Tvinninq" layihəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Aİ-nin ölkəmizdəki səfiri və Aİ nümayəndəliyinin, Fransanın və Macarıstanın Azərbaycandakı səfirliklərinin, Fransız-Macar Konsorsiumunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), müvafiq nazirlik və qurumların nümayəndələri iştirak ediblər.

"Tvinninq" layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə Xidmətin imkanlarını genişləndirməkdən ibarətdir.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov tədbirdə çıxış edərək Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrdən və onların əhəmiyyətindən, ölkəmizin aqrar sektorda qazandığı nailiyyətlərdən söz açıb. Bildirilib ki, son dövrlər Azərbaycanda aqrar sahənin inkişafı dövlət səviyyəsində prioritet məsələyə çevrilib.

Nazir müavini vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi son illər bütün donor təşkilatları ilə işgüzar əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atır, bu da sözügedən təşkilatlar tərəfindən müsbət qarşılanır.

Qeyd olunub ki, 1994-cü ildən başlayaraq Aİ ilə bir çox “TASİS” layihələri həyata keçirilib. Bu layihələrin reallaşdırılmasında məqsəd ölkəmizdə aqrar sektorun inkişafının dəstəklənməsidir. Ölkəmizdə aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətimizin başçısı tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulub və bu istiqamətdə məqsədyönlü tədbirlər görülür. “Əgər əvvəlki illərdə daha çox taxıl və çəltik istehsalına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirildirsə, artıq cari ildən başlayaraq, ənənəvi sahələrin - pambıq, tütün və baramanın inkişafına yönələn xüsusi dövlət tədbirləri müəyyən edilib. Bunun nəticəsidir ki, bu il pambıq istehsalının təqribən 3 dəfə artıq olması gözlənilir,” - deyə S.Talıbov bildirib.

Sonda “Tvinninq” layihəsinin ayrı-ayrı komponentlərinin təqdimatı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.