CƏMİYYƏT
Azərbaycanda epidemioloji sabitlik təmin olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu il region ölkələrində epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub. Belə ki, qış aylarında, demək olar ki, bütün qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində yüzlərlə ölüm hadisəsi qeydə alınmışdı. Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri kəsilməsə də, gömrük və sərhəd xidmətləri ilə birgə görülən xüsusi tədbirlər, ciddi nəzarət sayəsində epidemiyanın ölkəmizə keçməsinin qarşısı alındı.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib
Digər yoluxucu xəstəliklərlə bağlı da tam sabitliyin qeydə alındığını söyləyən səhiyyə naziri vurğulayıb ki, əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. O qeyd edib ki, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirib.
O.Şirəliyev, həmçinin diqqətə çatdırıb ki, bu il ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub. Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib. “Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək”, - deyə səhiyyə naziri bildirib.