CƏMİYYƏT
Azərbaycanda fəaliyyət göstərən bir sıra məktəblərin direktorları UNESCO-da olublar
Paris, 4 iyul, AZƏRTAC
Azərbaycanın 26 məktəbindən Parisə təcrübə mübadiləsinə gələn direktorlar UNESCO-nun assosiativ məktəblər şəbəkəsi üzrə beynəlxalq koordinatoru Sabin Detzel və ölkəmizin bu təşkilatdakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ilə görüşüblər.
Anar Kərimov Azərbaycan ilə UNESCO arasındakı münasibətlərin tarixindən və inkişafından danışıb. O, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşmərmalı səfiri Mehriban Əliyevanın bu təşkilatla ikitərəfli və çoxtərəfli əlaqələrə verdiyi töhfələri, təhsil sahəsində həyata keçirilən birgə layihələri və bu layihələrə Fondun dəstəyini qeyd edib.
Sabin Detzel isə 10 min uşaq bağçasını, tam və natamam orta məktəbləri, peşə məktəblərini və texnikumları birləşdirən assosiativ məktəblər şəbəkəsi haqqında danışıb. O bildirib ki, UNESCO-nun əsas məqsədi sülh, multikulturalizm, insan haqlarına dair tədris sahəsində təcrübə mübadiləsini təmin etməkdir.
Sabin Detzel şəbəkəyə üzv məktəblər arasında təcrübə mübadiləsini asanlaşdırmaq üçün UNESCO-nun onlayn platformasının tezliklə istifadəyə veriləcəyini diqqətə çatdırıb.
Assosiativ məktəblər şəbəkəsinin üzvü olan 160 nömrəli Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova layihə çərçivəsində öhdəlikləri layiqincə yerinə yetirdiklərini vurğulayıb və Azərbaycan milli musiqi alətlərini əks etdirən hədiyyəni UNESCO-nun koordinatoruna təqdim edib.
Avropa Azərbaycan Məktəbinin direktoru Amalya Sezgin təhsil ocağı haqqında bukletləri təqdim edərək şəbəkəyə qoşulmaq haqqında arzusunu bildirib və bunun üçün prosedur qaydaları ilə maraqlanıb.
Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Lamiyə Şərəfxanova Sebin Detzelə təqdimata görə təşəkkür edib, UNESCO-nun tezliklə istifadəyə veriləcək onlayn platformasının məktəblərə daha sıx əlaqə saxlamağa imkan verəcəyini söyləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris