ELM VƏ TEXNOLOGİYA


“Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

A+ A

Bakı, 17 noyabr, Maqsud Dadaşov, AZƏRTAC

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Dünya Fəlsəfə Gününə həsr olunan, “Azərbaycanda fəlsəfə, tolerantlıq və multikulturalizm" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Fəlsəfə İnstitutunun, Gənc Alim və Mütəxəssislər Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışıb, digər elmlərin dərindən mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı güclü fəlsəfi təfəkkürə malikdir. Bu məqam Azərbaycan xalqına, filosoflarımıza, şair və yazıçılarımıza həm də tolerantlığı, multikulturalizmi aşılayıb. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində müxtəlif millətlərin nümayəndələrinə humanist yanaşmanın olması bunun bariz nümunəsidir. N.Gəncəvidən sonrakı dövrlərdə də ədəbiyyatımızda multikultural ənənələr geniş təbliğ olunub və bu, müasir dövrdə də davam etdirilir. Ölkəmizdə formalaşmış nümunəvi multikultural mühit, fəlsəfi fikirlərə və bu kimi dəyərlərə verilən qiymət gələcək nəsillər üçün bir xəzinədir.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə diqqətə çatdırıb ki, Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə təsis edilib. Hər il noyabrın üçüncü cümə axşamı günü Dünya Fəlsəfə Günü kimi qeyd olunur.

İ.Məmmədzadə vurğulayıb ki, bu gün bəşəri dəyər sayılan multikulturalizmin əsası məhz fəlsəfi yanaşmalar üzərində qurulub. Fəlsəfə dünyəvi elm olsa da, filosoflar bu elm sahəsinə milli yanaşmaların mövcudluğunu da inkar etmirlər. Diqqətə çatdırılıb ki, fəlsəfə ilə bağlı irəli sürülən müxtəlif istiqamətlər multikulturalizmdən və mədəniyyətlərin bir-birinə təsirindən yaranan ideyalardır. Fəlsəfənin tolerantlığa bağlılığının olması qədim zamanlardan formalaşan bir fikirdir.

Dünya Fəlsəfə Gününün qeyd olunmasının əhəmiyyətindən danışan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova cari ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini xatırladıb. Bildirilib ki, son illər multikulturalizmin fəlsəfi cəhətdən tədqiq olunmasına böyük ehtiyac yaranıb. Multiukulturalizm özlüyündə fəlsəfi problemdir. Bu dəyər bütün mədəniyyətlərə münasibət, hörmət deməkdir. Hazırda Azərbaycan multikulturalizm nümunəsi kimi bütün dünyaya sübut edir ki, bu dəyər mövcuddur və dövlətin yeritdiyi düzgün siyasətlə müxtəlif mədəniyyətlərə və adətlərə qarşılıqlı hörməti təmin etmək mümkündür.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev fəlsəfi fikrin və düşüncənin ictimai-siyasi sabitlikdəki rolundan danışıb, filosofları Dünya Fəlsəfə Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, çoxmədəniyyətlilik, tolerantlıq və fəlsəfə bir-biri ilə çoxşaxəli nəzəri və təcrübi əlaqələrə malikdir. Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət göstərilib.

Diqqətə çatdırılıb ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Alimlərimizin də cəlb olunduğu tədbirlərdə Beynəlxalq Tolerantlıq Günü ilə bağlı mühazirələr oxunub.

Tədbirdə fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadənin, professor Fransua Jorjonun, professor Mahmud Haydarın, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimovanın, texnika elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadənin və başqalarının məruzələri dinlənilib. Azərbaycan alimlərinin dünya fəlsəfə elminə töhfələrindən, ölkəmizdəki mövcud tolerant və multikultural mühitdən danışan natiqlər bu dəyərlərin xüsusiyyətlərini şərh edib, respublikamızda müvafiq istiqamətdə həyata keçirilən tədbirləri yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.