İQTİSADİYYAT
Azərbaycanda fiskal qaydaların tətbiq edilməsi perspektivləri ilə əlaqədar müzakirə aparılıb
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycanda fiskal qaydaların tətbiq edilməsi perspektivləri ilə əlaqədar müzakirə aparılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki müzakirələr qurumun icraçı direktoru Vüsal Qasımlının Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri ilə İİTKM-də görüşü zamanı aparılıb.
Görüş zamanı fiskal sektorda institusional, hüquqi və iqtisadi islahatların aparılması ilə yanaşı ölkədə makroiqtisadi vəziyyət, həyata keçirilən iqtisadi islahatlardan danışılıb. Bundan əlavə, müstəqil fiskal institutun qurulması və beynəlxalq təcrübədə bu növ instituta həvalə edilmiş funksiyaların həyata keçirilməsi Azərbaycan fiskal sektorunun institusional inkişafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Beynəlxalq Valyuta Fondunun GFSM 2014 standartlarına uyğun dövlət maliyyə statikasının aparılmasının rolu vurğulanıb və Azərbaycanda bu standartların tətbiq edilməsinin zəruri olduğu qeyd edilib. Görüşdə iştirak edən Renaud Dupley, Rene Tapsoba, Rolando Ossorvcki, Pauli Medas və Çon Zohrab eyni zamanda BVF-nin Azərbaycanla əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparıb.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.