SİYASƏT
Azərbaycanda gəncliyə dövlət qayğısı nəticəsində sağlam və intellektual nəsil formalaşıb
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən partiyanın Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev ölkədə aparılan gənclər siyasətini yüksək qiymətləndirib. Bildirib ki, gənc dövlət olmağımıza baxmayaraq ölkəmizdə gənclərə çox böyük önəm verilir.
Son bir neçə ildə dövlətimizin başçısı tərəfindən gənclər siyasəti ilə bağlı verilən sərəncamları xatırladan birliyin sədri qeyd edib ki, bu sənədlər ölkədə aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Qeyd edilib ki, bu gün ölkəmizdə istedadlı, savadlı gənclərimiz çoxdur. Həmin gənclər beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər.
Bəxtiyar Nəbiyev bildirib ki, dövlət gənclər siyasətinin bir qolunu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkil edir. Bu gün YAP-ın 620 mindən çox üzvü var və onların da 40 faizi, təxminən 250 mini gənclərdir. Biz gənclər dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəkləyir.
Partiyanın Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov isə deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti onların hərtərəfli inkişafını, cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur. Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir. Bu siyasət nəticəsində də sağlam və intellektual nəsil formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev daim gənclərin ictimai-siyasi fəallığını, tələbələrin sosial problemlərini, təhsilin keyfiyyətini, gənc alimlərin perspektivlərini, yaradıcı və istedadlı gənclərin yeni layihələrini, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələrini, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsini, gənclərin beynəlxalq əməkdaşlığını diqqətdə saxlayır.
Digər çıxış edənlər də dövlətimiz tərəfindən gənclərə göstərilən diqqətdən və qayğıdan danışıblar.