ELM VƏ TƏHSİL
Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindədir
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) “Həmkarlar ittifaqının gənc qadınlarla işinin təhlil olunması” mövzusunda “dəyirmi masa” təşkil edilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir universitetin həmkarlar ittifaqı komitəsinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Universitetin həmkarlar ittifaqı komitəsinin sədri Misgər Məmmədov ölkəmizdə gender bərabərliyinin təmin edilməsi barədə danışıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindədir.
Mərkəzin sədri Cəmilə Səttarova rəhbərlik etdiyi qurumun yaranmasından və fəaliyyətindən danışıb. Mərkəzin üzvlərinin əksəriyyətinin qadınlardan ibarət olduğunu söyləyən C.Səttarova bu qurumun cəmiyyətin psixoloji və sosial problemlərinin həllinə yönəlmiş tədbirlər və layihələr həyata keçirdiyini vurğulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə gender bərabərliyinin tənzimlənməsində tələbələrlə aparılan iş barədə məlumat verib, qadınların rəhbər vəzifələrdəki rolundan danışıb.
Digər çıxış edənlər də universitetdə gender bərabərliyinin tənzimlənməsi ilə bağlı atılan addımlardan, statistik nəticələrdən söz açıb, bu ali təhsil ocağında rəhbər vəzifələrdə gənc qadınların fəaliyyət göstərdiklərini xüsusi vurğulayıblar.
Tədbirdə, həmçinin ADU-da aparılan gənclər siyasəti, onların sosial hüquqlarının qorunması, gender problemlərinin tədrisi barədə müzakirələr aparılıb.