CƏMİYYƏT
Azərbaycanda hakimliyə namizədlərin seçimi mütərəqqi və şəffaf üsullarla aparılır
Bakı, 12 avqust, AZƏRTAC
Hakimliyə namizədlərlə yazılı imtahan mərhələsində 359 namizəd iştirak edir. Onlar test imtahanı mərhələsində uğur qazanan namizədlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev avqustun 12-də jurnalistlərə müsahibəsində deyib.
İman Nağıyev bildirib ki, hakimlərin seçilməsi qaydalarına uyğun olaraq, imtahandan əvvəl Məhkəmə-Hüquq Şurasının iclasında imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilib. Sonra Hakimlərin Seçki Komitəsi qapalı iclas keçirərək suallar hazırlayıb. Suallar mülki və cinayət hüququ sahəsinə aiddir. Həmin suallar imtahanda iştirak edən namizədlərin sayına uyğun olaraq çoxaldılıb və paylanılıb. İmtahanda hər sual 60 balla qiymətləndiriləcək. Lazımi bal toplayan namizəd növbəti şifahi imtahan mərhələsinə buraxılacaq. Anonim olan cavab vərəqələrinin “ikiqat” üsulla yoxlanılması Hakimlərin Seçki Komitəsinin əməkdaşları və cəlb olunmuş mütəxəssislər tərəfindən aparılacaq.
Sədr vurğulayıb ki, 2005-ci ildən etibarən ölkəmizdə hakimliyə namizədlərin seçilməsi yeni qaydalara uyğun olaraq həyata keçirilir. Bu qaydalar Avropa Şurasında müzakirə olunub və ekspertizadan keçirilib. Seçkilər Avropa Şurasının ekspertləri tərəfindən müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Bu qaydalara müvafiq olaraq, Azərbaycanda hakimliyə namizədlərin seçkiləri prosesi yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə daha mütərəqqi və şəffaf üsullarla keçirilir.
“Ümumiyyətlə, namizədlər altı imtahan verirlər. Onlardan üçü tədris mərhələsindən əvvəl, üçü isə sonra keçirilir. Tədris mərhələsində hakimliyə namizədlər hakimlik peşəsinə yiyələnməyi öyrənirlər”, - deyə İman Nağıyev qeyd edib.