CƏMİYYƏT
Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində regional konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfrans DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri və əməkdaşlarının, rayonun məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatından olan gənclərin, eləcə də Şəmkir Rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının iştirakı ilə baş tutub.
Konfransı açan rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev dinə dövlət qayğısından danışıb. F.Vəliyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. O, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib.
Rayondakı sabit dini durum barədə məlumat verən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev məruzəsində İslamın yad təsirlərdən qorunmasının, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən də danışıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov ölkəmizin müxtəlif regionlarında konfransların keçirilməsinin əsas məqsədinin cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin əsas prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin etmək olduğunu bildirib.
G.İsmayılov vurğulayıb ki, Ulu Öndərin başlıca tövsiyələrindən olan milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşmasında, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasına diqqət çəkən sədr müavini qeyd edib ki, bu çağırış irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları birliyə səsləyir. İslam həmrəyliyi bilikli, savadlı insanların, həm də elmin və təhsilin birliyidir.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.