ELM VƏ TƏHSİL
Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri müzakirə olunur
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosial və hüquqi təhlil və proqnozlaşdırma” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.
Fəlsəfə və Hüquq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq konfransda bu elm müəssisəsinin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək hüquqi dövlətlə bağlı ideyalardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi modernləşdirmə siyasətindən danışıb. O, cəmiyyətdə hüquqi maariflənməyə, proqnozlaşdırma məsələsi ilə əlaqədar alimlərin birgə metodoloji işlər aparmasına ehtiyac olduğunu söyləyib.
Türkiyənin Melikşah Universitetinin Hüquq fakültəsinin dekanı, professor Murad Şen “Hüquqi dövlət quruculuğunda sosial-təminat hüququ və Türkiyə nümunəsi” mövzusunda çıxış edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Şahin Əliyev öz məruzəsində sahibkarlığın hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı problemlərdən bəhs edib.
Daha sonra professor İlham Rəhimovun “Ölüm cəzası və əxlaq” mövzusunda məruzəsi və digər məruzələr dinlənilib.
Beynəlxalq konfrans işini oktyabrın 24-də davam etdirəcək.