İDMAN


Azərbaycanda idmanın kütləviliyinin artırılması məsələləri müzakirə edilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC 

İyulun 15-də Milli Olimpiya Komitəsində (MOK) son illər Bakıda və bölgələrdə istifadəyə verilmiş idman obyekt və qurğularından daha səmərəli istifadə etmək, təhsil və idman qurumları arasında əməkdaşlığı gücləndirmək, həmçinin respublikada idmanın inkişaf istiqamətləri və ehtiyaclarını müzakirə etmək üçün idman federasiyalarının təmsilçiləri ilə geniş tərkibli iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri iştirak ediblər.

Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə bütün sahələr kimi, idmanın da inkişafda olduğunu deyib. Qeyd edib ki, artıq “Rio-2016” Olimpiadasına çox az müddət qaldığı dövrdə idmanın təbliği və təşviqi mühüm məsələlərdəndir. Müvafiq qurumların dəstəyi ilə keçirilmiş “Olimpiya Hərəkatı” layihəsi idmanın kütləviliyinin artırılmasının əhəmiyyətini nümayiş etdirdi.

Məktəblilər və gənclər arasında idmanın təşviqinin mühüm məsələlər sırasında olduğunu deyən təhsil naziri Mikayıl Cabbarov bildirib: “Çox şadam ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, müvafiq idman federasiyalarının dəstəyi ilə ali və orta təhsil müəssisələrində şagirdlərin idmana, xüsusən də bədən tərbiyəsinə cəlb olunması bugünkü görüşümüzün əsas məqsədidir”.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında son illər mötəbər beynəlxalq yarışların respublikamızda keçirilməsinin ənənə halı aldığını vurğulayıb. Nazir qeyd edib ki, bizim Olimpiya Oyunlarındakı uğurlarımız göz qabağındadır. Ötən il biz birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə bu Oyunların standartlarını müəyyən etdik. Azərbaycan idmanının bugünkü uğurlarının əsası xalqımızın ulu öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını zirvəyə qaldırıb.

Çıxışlardan sonra gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.