CƏMİYYƏT
Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən məlumat verilib. Bu ilkə imza atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa klinikada hamiləliyi izlənilən pasiyentə ultrasəs müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib. Bununla bərabər, dəri və dərialtı toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət qan uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsasında yaranır. Bundan başqa, analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də bildirilib.
“Biz xəstəni müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük. Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsi idi. Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu prosesi uğurla həyata keçirdik”, - deyə Turab Canbaxışov qeyd edib.
Həkimin sözlərinə görə, hazırda dölün vəziyyəti yaxşıdır. “Bir həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralığında daha iki dəfə aparacağıq”, - deyə Turab Canbaxışov əlavə edib.