CƏMİYYƏT


Azərbaycanda ilk dəfə genetik xəstəliklər ana bətnində müəyyən edilir

Bakı, 20 may, AZƏRTAC

İstənilən tibb müəssisəsində müasir laboratoriyaların mövcudluğu əsas şərtlərdən biridir. Belə ki, məhz modern tibbi avadanlıq və peşəkar kadrlar əhaliyə tibbi xidmətin yüksək səviyyədə göstərilməsinə imkan yaradır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında bu baxımdan çoxprofilli laboratoriya fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə ATU-nun mətbuat xidmətinə laboratoriyanın müdiri, tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoy məlumat verib.

Həkim bildirib: “Laboratoriyada bütün növ-biokimyəvi, hematoloji, immunoloji, bakterioloji, molekulyar-genetik analizlər aparılır. Ümumiyyətlə, laboratoriya Almaniya, Yaponiya və Amerika kimi dövlətlərin istehsalı olan və dünyada referans olaraq qəbul olunmuş cihaz və avadanlıqlarla təchiz olunub. Tibbi personalın hər biri isə peşəkar, xaricdə təhsil almış mütəxəssislərdir. Belə ki, laboratoriyanın təchizatının vacibliyi qədər, nəticələri qiymətləndirən həkimlərin bilik və bacarıqları da əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı, laboratoriyada həm daxili, həm də xarici keyfiyyətə nəzarət sistemlərindən istifadə olunur. Müasir laboratoriyalarda bu mütləqdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda bu cür nəzarət sistemləri ilə işləyən laboratoriyalar barmaq sayını keçməyəcək qədər azdır.

Azərbaycanda ilk dəfə məhz bizim laboratoriya Almaniya istehsalı olan xüsusi proqram vasitəsilə hamilə qadınlarda gələcək övladın bəzi genetik xəstəliklərlə (Daun, Trisomiya 18 və s.) doğulma ehtimalını araşdırmaq üçün analizlər olunur. Əksər ölkələrdə bütün hamilə qadınlar bu analizlərin ən azı birindən keçirlər. Mövcud cihazlar və yeni təmin olunmuş proqram vasitəsilə artıq bu analizlər ölkəmizdə aparılır. Əvvəllər bu analizlərdən keçmək üçün pasiyentlər Türkiyədə olan laboratoriyalara yönləndirilirdilər. Artıq bir neçə klinika sırf bu analizlər üçün bizim laboratoriya ilə əməkdaşlığa başlayıb. Gələcəkdə bu əməkdaşlığın genişləndiriləcəyi planlaşdırılır. İkili müayinə hamiləliyin 11-14-cü həftələrində aparılır. Bu zaman qanda bəzi hormonlar yoxlanılır. Ana mütləq ultrasəs müayinəsindən də keçirilərək dölə aid bəzi ölçülər götürülür. Bu proqram hazırda yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında mövcuddur. Məhz bu müayinənin köməyi ilə Daun sindromu və bunun kimi bəzi genetik xəstəliklərlə bağlı risklər hamiləlik dövründə aşkarlanır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.