CƏMİYYƏT
Azərbaycanda ilk dəfə nadir ürək əməliyyatı keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkədə ilk dəfə koronar arteriya anomaliyası üzrə (ALCAPA) nadir ürək əməliyyatı keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 faizi 30 yaşına kimi yaşayır. ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər.
S.Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir. Onun əməliyyatı zamanı həm ürək qapağının işi təmin edildi, həm də anomaliya olan hissə rekonstruksiya olundu. Əməliyyat 3 saat davam edib.
S.Musayev bildirir ki, əməliyyatdan sonra xəstənin həyatına heç bir risk yoxdur. Bir necə gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.