REGİONLAR
Azərbaycanda ilk dəfə olaraq farel balığının göldə qurulan səbətlərdə yetişdirilməsinə başlanılıb
Göyçay, 1 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Adı qırmızı kitaba düşmüş farel balığı xüsusiyyətinə görə ancaq təmiz, oksigeni bol olan sularda yetişir. Farel balıqları adətən qapalı hovuzlarda bəslənilsə də, Göyçayda ilk dəfə olaraq bu balıqlar göldə qurulan səbətlərdə yetişdirilir.
AZƏRTAC xəbər verir ki, Göyçay rayonundakı Yekəxana gölündə yaradılan balıqçılıq təsərrüfatının qeyri-adi formada balıqyetişdirmə üsulu hamının marağına səbəb olub. Azərbaycanda ilk dəfə olaraq bu göldə qiymətli farel balığının səbətdə yetişdirilməsi təcrübəsi artıq müsbət nəticə verib. Göldə təbii yolla yetişdirilən balıqlar satışa çıxarılır. Ümumi ərazisi 360 hektar olan Yekəxana gölündə farellə yanaşı belamur, enlialın, sazan balıqları da yetişdirilir. Balıqlar 6 ay ərzində xarici ölkələrdən gətirilən və yerli istehsal olan təbii yemlə bəslənilir. Gələn ilin aprelinədək göldə 30 ton balığın olacağı gözlənilir. Hazırda farel balığının yetişdirilməsi üçün gölün ortasında hər biri 25 kvadratmetr olan 30 səbət mövcuddur.
Farel balığının saxlanıldığı qapalı hovuzlarda tez-tez suyun dəyişdirilməsi, təmizliyə riayət edilməsi vacib hesab olunursa, göldə buna ehtiyac yoxdur. Çünki göl suyunun zəngin tərkibi, onun təbii şəkildə axar su yolu ilə təmizlənməsi, oradakı mikroelementlər balığın tez böyüməsinə səbəb olur. Hovuzda bəslənilən balıqlara təkcə süni yemlər verildiyi halda, göldəki balıqlar həm də təbii yolla, yəni sudakı xırda canlılar və kiçik balıqlarla qidalanırlar. Qarşıdakı 3 ay ərzində göldə balıqların avtomatik yemləmə sistemi quraşdırılacaq. Balıqlara çəkisinə görə yem verilir. Göldəki hər səbətdə 4 min ədəd 100 qram çəkisi olan balıq saxlamaq mümkündür. Onlar böyüdükcə başqa səbətlərə köçürülür. Hər səbətdə 1,5 ton balıq yetişdirmək mümkündür. Farel balıqlarının çəkisi 350 qram olduqda satışa çıxarılır. Bazarda bu balığın bir kiloqramı 10-12 manata satılır.