İQTİSADİYYAT


Azərbaycanda ilk əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulub VİDEO

A+ A

Bakı, 2 noyabr, Elvin Camalov, AZƏRTAC

Pirallahı Sənaye Parkında ilk əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.

Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, “Vita-A” MMC-nin direktoru Murad Sadıxov, “R-Pharm” şirkətinin İdarə Heyətinin sədri Aleksey Repik imzalayıblar. Sənədə əsasən, əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Hayat Pharm” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 10 faiz, “Vita-A” MMC və “AR-Pharm” MMC isə hər biri 45 faiz iştirak payına malikdir.

Sonra “Hayat Pharm” əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, investisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Belə ki, əczaçılıq zavodu yüksək dərəcəli izolyasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı GMP istehsal praktikası, həmçinin ÜST Texniki Hesabat siyahısı, ISPE Qabaqcıl Təcrübə Təlimatının tələblərinə və digər beynəlxalq norma və qaydalara uyğun olacaq.

“Hayat Pharm” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Layihə çərçivəsində 200-dən çox yeni iş yeri yaradılacaq.

Sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin iştirakı ilə “Hayat Pharm” əczaçılıq zavodunun təməli qoyulub.

Tədbir çərçivəsində həmçinin, “Hayat Pharm” şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.