CƏMİYYƏT
Azərbaycanda ilk əngəlsiz karyera sərgisi açılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin bağlanışı və "Fiziki məhdudiyyət uğurlu karyera üçün əngəl deyil" şüarı ilə "İlk əngəlsiz karyera sərgisi" keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi "Bank of Baku"nun təşkilatçılığı, "Fireworks HRM" şirkətinin və "Hilton Baku" otelinin dəstəyi ilə keçirilib.
"Bank of Baku"nun reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova qeyd edib ki, sərgi son bir ay ərzində icra olunan "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin 40 nəfərə yaxın iştirakçısı üçün nəzərdə tutulub. Müxtəlif təhsil və peşə bacarığına malik iştirakçılar, eyni zamanda, layihə çərçivəsində oktyabrın 27-dən noyabrın 21-dək təşkil olunan 4 mövzuda - sosial şəbəkələrin idarəedilməsi, bloqçuluq, şəbəkə administratorluğu və məlumat mərkəzi işinin təşkili təlimində iştirak ediblər. N.Tahirova vurğulayıb ki, bank, öz növbəsində, üzərinə götürdüyü ağır və məsuliyyətli işin öhdəsindən gələ bildi və bu gün iştirakçılar karyera sərgisində təlim zamanı əldə etdikləri bilik və bacarıqlarına uyğun iş tapa biləcəklər.
Bankın Müşahidə Şurasının sədri Elçin İsayev, "Hilton Baku" otelinin otel əməliyyatları üzrə direktoru Eldar Əlimuradov və başqaları çıxışlarında bu layihənin fiziki qüsurlu şəxslərin gələcək həyatlarında mühüm rol oynayacağını diqqətə çatdırdılar. Bildirildi ki, iştirakçılar təlim zamanı daxili və xarici müştəri məmnuniyyəti, xidmət qaydaları, online xidmətlərlə tanışlıq, zənglərin qəbulu və cavablandırılması, telefonla satış texnikası, fiziki və proqram təminatı (hardware and software), kompyuter şəbəkələrinin quraşdırılması və idarəedilməsi, sistemlərin idarəedilməsi və s. mövzularda nəzəri və praktiki biliklər əldə ediblər. Bu biliklər karyera sərgisində onların işlə təmin olunmalarına kömək edəcək.
Sonra layihə iştirakçılarına sertifikatlar təqdim olundu.
"İlk əngəlsiz karyera sərgisi"ndə 30-a yaxın müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər iştirak edib. "Bank of Baku", öz növbəsində, layihənin iki iştirakçısına bankın məlumat mərkəzində işləmələri üçün rəsmi iş təklifi edib.