İQTİSADİYYAT
Azərbaycanda indiyədək 6 minə yaxın mobil nömrə daşınmışdır VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) daşınan mobil nömrələrin sayını açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mobil nömrə daşınması xidmətinin fəaliyyətə başlamasından keçən qısa müddət ərzində ümumilikdə 6 minədək mobil nömrə daşınmışdır.
Qeyd edək ki, bu il fevralın 1-dən işə salınan yeni xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abonentin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) həmin istifadəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, istifadəçinin daha səmərəli təklif verən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.