MƏDƏNİYYƏT
Azərbaycanda inklüziv turizmin inkişafı istiqamətində ictimai müzakirələr davam edir
Bakı, 22 avqust, AZƏRTAC
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində cari ilin iyulunda Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-dək obyektdə araşdırmalar aparıb, 135 nəfər arasında sorğu keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında məlumatsızlıq bu sahədə ciddi maarifləndirməyə ehtiyac olduğunu göstərib. Bütün bu məqamlar layihənin üçüncü mərhələsində sözügedən şəhərlərdə, o cümlədən İsmayıllının Diyallı və Basqal kəndlərində inklüziv turizmin perspektivlərinə dair seminarlarda işıqlandırılacaq. Seminar-təlimləri layihənin rəhbəri, “MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və başqaları aparacaqlar. Təlimlər zamanı sorğuların nəticəsinə uyğun seçilmiş mövzular ətrafında müzakirələr olacaq, qaldırılan problemlər əlaqədar təşkilatların diqqətinə çatdırılacaq. Eyni zamanda, Azərbaycanda inklüziv turizm infrastrukturunun pilot layihəsi və müvafiq tövsiyələri özündə əks etdirən, dünya standartlarına uyğun hazırlanmış Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inklüziv turizm layihəsinin təqdimatı keçiriləcək.
Səfər çərçivəsində Şamaxıda qapalı tipli Psixonevroloji Xəstəxanada “Miras” folklor qrupunun konserti, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində veteranlarla çay süfrəsi ətrafında görüş, İsmayıllı Ailə və Uşaq Mərkəzində məşğul olan fiziki imkanları məhdud uşaqlarla “Arxeoloqun bir günü” mövzusunda təlim təşkil ediləcək.
Layihə “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” tövsiyələr kitabının təqdimatı ilə yekunlaşacaq.