CƏMİYYƏT


Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlər görülür

Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı ictimai maarifləndirmə kampaniyasına başlanılıb

Bakı, 30 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (İNL), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə 30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə həyata keçirilən növbəti ictimai maarifləndirmə kampaniyasına start verilib.

AZƏRTAC xəbər verir ki, insan alverinin təhlükəsi və fəsadları haqqında ictimaiyyətin məlumatlılığının artırılması, bu cinayətlərlə mübarizədə daha geniş kütlənin iştirakının təmini məqsədilə təşkil olunan tədbirdə dövlət və qeyri-hökumət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

İçərişəhərdə keçirilən kampaniyanın açılış mərasimində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, USAID-in Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru Randol Olson, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış edərək tədbirin insan alverinə qarşı mübarizə sahəsində məlumatlandırma və cəmiyyətin maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Eləcə də insan alverinin qarşısının alınmasında, insan alveri qurbanlarının və potensial qurbanların müdafiəsində cəmiyyətin rolunu və birgə əməkdaşlığın vacibliyini qeyd ediblər. Həmçinin kampaniyaya ictimaiyyətin çoxsaylı nümayəndələrinin fəal şəkildə qoşulacaqlarına əminlik ifadə olunub.

Baş İdarənin rəisi Heydər Heydərov deyib ki, BMT Baş Məclisinin 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Bununla əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirilməsinə iyulun 28-də Gəncədə start verilib. İyulun 30-da Bakıda və respublikamızın müxtəlif regionlarında İnsan Alverinə Qarşı Mübarizə Günü çərçivəsində tədbirlər reallaşdırılır.

Qeyd edilib ki, 30 iyul tarixinin insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq Azərbaycanda qeyd edilməsi ölkəmizdə insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılmasının bariz nümunəsidir. Bu problemə qarşı mübarizə tədbirlərinə baxmayaraq, insan alveri müasir dövrdə ən aktual problemlərdən biri olaraq qalır. Bəziləri insan alverinin kökündə siyasi, iqtisadi, sosial və digər amillərin olmasını görürlər.

Heydər Heydərov bildirib ki, ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülməkdədir. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. O, ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında məlumat verərək qeyd edib ki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyənləşdirilib maarifləndirilməsi, cəmiyyətə inteqrasiya sahəsində çox ciddi addımlar atılır. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda əksini tapıb. Görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlər ilbəil azalıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən üçüncü Milli Fəaliyyət Planının reallaşdırılmasında müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və KİV nümayəndələri, eləcə də yerli və beynəlxalq tərəfdaşlar aktiv iştirak edirlər.

Tədbirdə insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, insan hüquqlarının qorunmasının ən önəmli məsələ olduğu xüsusi vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai insan alverini müasir dövrün köləliyi adlandıraraq onu bəşəriyyətə qarşı cinayət adlandırıb. Bütün dünya dövlətləri tərəfindən insan alverinə qarşı birgə mübarizənin vacibliyini vurğulayan Q.İshaqzai Azərbaycan hökumətinin bu sahədə göstərdiyi səyləri dəstəklədiklərini bildirib.

USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rəndol Olson bildirib ki, ABŞ insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan ilə fəal və səmərəli əməkdaşlıq edir. O, USAID-in Azərbaycanın müvafiq qurumları ilə birgə insan alverinə qarşı mübarizə ilə bağlı müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Rəndol Olson Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının ölkəmizdə insan alverinə qarşı mübarizənin davamlı xarakterini nümayiş etdirdiyini vurğulayıb, bu istiqamətdə göstərilən səylərə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Tədbirdə qeyd olunub ki, Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı cəmiyyətin daha geniş maarifləndirilməsi məqsədilə broşürlərin və üzərində insan alverinə qarşı mübarizə ilə bağlı məlumatların qeyd edildiyi 10 min su şüşəsinin Bakıda altı müxtəlif yerdə və Gəncədə paylanılması həyata keçirilir.

Sonra Azərbaycan Uşaqlar Birliyinin sığınacağında qalan uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.