CƏMİYYƏT
“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi icra ediləcək
Bakı, 8 iyun, AZƏRTAC
Avropa İttifaqının və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliklərinin təşəbbüsü ilə iyunun 12-də “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsinin açılış mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Avropa İttifaqının və BMqT-nin Beynəlxalq İnkişaf Fondunun dəstəyi ilə maliyyələşdirilir.
2016-2018-ci illərdə icra olunacaq layihənin məqsədi insan alveri ilə mübarizədə Azərbaycan hökumətinə dəstək verməkdir.
Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən 2012-ci ildə qəbul edilmiş Avropa İttifaqı – Azərbaycan Hərtərəfli İnstitusional Quruculuq Proqramının ikinci institusional islahat planı çərçivəsində həyata keçiriləcək layihədə Avropa insan hüquqları standartlarına riayət olunacaq.
Layihənin insan alveri ilə mübarizədə və insan alveri qurbanlarının müdafiəsində uyğun yanaşma və ölkəmizin xüsusi ehtiyaclarının nəzərə alınması ilə Azərbaycan hökumətinin imkanlarının gücləndirilməsinə töhfə verməsi nəzərdə tutulur. BMqT layihəni Avropa İttifaqı və Azərbaycan hökuməti ilə birgə icra edəcək.
Tədbirdə dövlət qurumlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, BMT-nin inkişaf agentliklərinin və digər beynəlxalq təşkilatların Bakıdakı təmsilçilərinin iştirakı nəzərdə tutulur.