İQTİSADİYYAT


Azərbaycanda iş adamlarının yeni təşkilatı yaradılıb

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) adlanan qurum öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. TÜİB-dən AZƏRTAC-a bildirilib ki, təşkilata Azərbaycanda fəaliyyət göstərən çoxsaylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb. “Millətimiz və dövlətlərimiz varsa, biz də varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları, öz sahələrində əldə etdikləri uğur ilə yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması və millətimizin sivilizasiyalara doğru inteqrasiyası üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir.

TÜİB İdarə Heyətinin sədri Ali İhsan Genç seçilib. TÜİB rəhbərliyi öz fəaliyyəti çərçivəsində, rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daim həllinin tapılmasını hədəfləyən işlərə üstünlük verəcək.

Azərbaycan və Türkiyənin mövcud potensialının ən təsirli şəkildə qiymətləndirilməsi üçün qurum aşağıdakı hədəfləri qarşısına məqsəd qoyub: hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək; real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək; üzvlərini əlavə dəyəri yüksək sahələrdə daha da fəal olmaları üçün təşviq etmək; mövcud qanunvericilikdə inkişaf etdirilməyə ehtiyac duyulan xüsuslar olduqda müvafiq qanunverici orqanlarla öz təcrübə və biliklərini paylaşmaq, təkliflər təqdim etmək və bütün tərəflərin məmnun qalmasını təmin etmək.

Qurum bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb. Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən TÜİB İdarə Heyətinin sədri Ali İhsan Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək. “Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq Azərbaycanda çalışan türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımları atmaq və onları məlumatlandırmaqdır . Güclüyük, daha da güclü olacağıq. Öz gücümüzlə ölkələrimizə güc qatacağımıza, Azərbaycan güclü olarsa Türkiyə, Türkiyə güclü olarsa Azərbaycanın güclü olacağına inanırıq”, - deyə TÜİB-in rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.