İQTİSADİYYAT
Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixrac imkanları genişləndirilir
Bakı, 15 avqust, AZƏRTAC
Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb. Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup tərəfindən Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.