CƏMİYYƏT


Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və inkişaf meyilləri ilə bağlı konfrans keçirilib VİDEO

Bakı, 30 iyun, AZƏRTAC

Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində iyunun 30-da Bakıda “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri” mövzusunda konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihə barədə danışıb. O, jurnalist həmkarlar təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsinin günün tələbi olduğunu deyib. Bildirib ki, sovetlər dövründə olduğu kimi, bu gün də Azərbaycanda həmkarlar təşkilatlarına sanatoriyalara, kurortlara göndərişlər verən qurumlar kimi baxılır. Əslində həmkarlar ittifaqlarının missiyası başqadır. Layihənin məqsədi model həmkarlar təşkilatlarının formalaşdırılmasıdır.

Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun sədrliyi ilə konfransın “Azərbaycanda sosial dialoq və əmək standartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar” mövzusunda sessiyası keçirilib. Şura sədri beynəlxalq təcrübədə işçilərin hüquqlarının həmkarlar təşkilatları tərəfindən qorunduğunu bildirib.

Beynəlxalq Jurnalistlər Federasiyasının layihələr departamentinin rəhbəri Adrien Collin işçilərlə sahibkarlar arasında sosial dialoq qurulmasının vacibliyini vurğulayıb. O, həmkarlar ittifaqının fəaliyyətinin əsasında işçilərin problemlərinin diqqətdə saxlanılması, işə götürülərkən işçilərin hüquqlarının qorunması olduğunu bildirib. Adrien Collin həyata keçirilən layihə çərçivəsində “Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı” və “Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr” kitabçalarının çap edildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərə hər zaman kömək etməyə hazırdır. Jurnalistlərin yaxşı iş yeri olsa, onlar daha keyfiyyətli iş təqdim edəcəklər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlərin sosial problemlərinin həlli istiqamətində KİVDF-nin strategiyasından danışıb. O, jurnalist həmkarlar təşkilatlarının fəaliyyətindən danışaraq deyib ki, əksər redaksiyalarda həmkarlar təşkilatları yoxdur. Bu da jurnalistlərin fəaliyyətində çətinliklər yaradır. Jurnalistlərin hüquqları qorunmalı, əmək müqaviləsi bağlanmalıdır. Həmkarlar təşkilatları olarsa, bu kimi problemlər aradan qalxar. Azərbaycanda müvafiq sahədə güclü bir həmkarlar ittifaqı yaransa, bu, jurnalistikanın inkişafına təkan verəcək.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin hüquq müfəttişi Ruslan Bağırov sessiyada “Azərbaycanda beynəlxalq əmək standartlarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda çıxış edib.

“Əmək hüquqlarının qorunmasında mövcud vəziyyət, əmək standartlarının inkişaf etdirilməsinin modern yolları” mövzusunda çıxış edən İqtisadi-Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov nəzərə çatdırıb ki, son illər əmək hüquqlarının qorunması ilə bağlı atılan əsas addım əmək müqavilələrinin elektron qaydada qeydiyyatının aparılmasıdır. İş yerlərində əmək müqavilələrinin bağlanıb-bağlanmamasının yoxlanılması praktiki olaraq çətin, bəzi hallarda mümkünsüzdür. Ancaq əmək müqavilələrinin elektron qaydada sistemə daxil edilməsi ilə nəzarətin həyata keçirilməsi daha asan olacaq.

“Azərbaycan jurnalistlərinin mövcud sosial durumu: Sosial hüquqların qorunmasında həmkarlar təşkilatlarının rolu” mövzusunda çıxış edən Müşfiq Ələsgərli bildirib ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın müxtəlif ölkələrindən 600 min jurnalisti ətrafında birləşdirir. Federasiya jurnalistlər üçün layiqli iş şəraitinin yaradılmasının vacibliyini əsas götürür. Layiqli iş yeri jurnalistin iş yerində təhlükəsizliyinin qorunmasını, yaxşı əməkhaqqı verilməsini, əmək hüquqlarının qorunmasını və digər məsələləri nəzərdə tutur. Azərbaycanda jurnalistlərin sosial rifahının yüksəldilməsi xüsusi diqqət mərkəzindədir. Ancaq ilk növbədə redaksiyaların özündə ilkin həmkarlar təşkilatlarının yaradılması zəruridir. Çünki redaksiyalarda olan həmkarlar təşkilatları o jurnalistlərin problemlərini daha yaxşı bilir. Jurnalistlərin əmək hüquqlarının qorunması son nəticədə peşəkar jurnalistikanın inkişafına səbəb olur.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları konfransda çıxış edərək kütləvi informasiya vasitələrinə reklam verilməsinin stimullaşdırılmasının önəmini qeyd ediblər.

Sonra Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətin sədrliyi ilə “Əmək standartları və sosial dialoq: Kollektiv sövdələşmələr” mövzusunda növbəti sessiya keçirilib.

Sessiyada Avropa Jurnalistlər Federasiyasının nümayəndəsi Mehmet Köksal, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin hüquq müfəttişi Sevil Zeynalova, əmək hüquqları üzrə ekspert Könül Ələkbərova çıxış ediblər.

Daha sonra Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sədrliyi ilə “Azərbaycanda jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemləri” mövzusunda sonuncu sessiya keçirilib.

Sessiyada Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov, Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) rəhbəri Çingiz Bayramov və başqalarının çıxışları dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.