İDMAN
Azərbaycanda keçiriləcək taekvando üzrə komandalararası dünya çempionatı üçün yığmamızın heyəti müəyyənləşib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 12-13-də Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvando üzrə komandalararası dünya çempionatı keçiriləcək.
Azərbaycan Taekvando Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişilərin mübarizəsində son yarışın qalibi olan Azərbaycan milli komandası, bu dəfə ev sahibi kimi dünya çempionu titulunu qorumaq üçün Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevin (87 kq-dan yuxarı) gücündən faydalanmağa çalışacaq.
Qadınlardan ibarət komandanın heyətində Azərbaycanı Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Oogink (73 kq) təmsil edəcəklər.
Kişilərin yarışında iştirakçı idmançıların ümumi çəkisi 373 kiloqramdan çox olmamalıdır. Qadınlarda bu məhdudiyyət 318 kiloqramdır.
Yarışın qaydalarına görə, bir komandanın heyətində digər ölkənin iki üzvü iştirak edə bilər. Həm kişilərin, həm də qadınların yarışında ayrı-ayrılıqda səkkiz komanda hərəsi dörd olmaqla iki qrupda mübarizə aparacaq.
Azərbaycanı bu dünya çempionatında beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edəcək.
Dünya çempionatı “G2” kateqoriyalı yarış olduğundan qalib komandanın hər bir üzvünün aktivinə 20 reytinq xalı əlavə olunacaq. Gümüş mükafatçılar 12, bürünc medalçılar isə 7.2 xal əldə edəcəklər.