İQTİSADİYYAT


Azərbaycanda kənd təsərrüfatı sahəsinin modelləşdirilməsi layihəsinə başlanılıb

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycanda kənd təsərrüfatı sahəsinin modelləşdirilməsi layihəsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı oktyabrın 14-də kənd təsərrüfatı naziri Heydər Əsədov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və kənd təsərrüfatı iqtisadiyyatı və statistikası üzrə beynəlxalq ekspert Haluk Kasnakoğlu ilə görüşüb.

Görüşün məqsədi aqrar siyasətin formalaşdırılması prosesinin qabaqcıl təcrübələr əsasında daha da təkmilləşdirilməsi baxımından statistika, təhlil, proqnozlaşdırma və monitorinq sistemlərinin inkişaf etdirilməsi məsələləri ilə bağlı FAO-nun göstərdiyi texniki yardım layihəsinin müzakirəsi olub.

Nazir Heydər Əsədov layihənin kənd təsərrüfatı üçün önəmli olduğunu qeyd edərək bildirib ki, ölkəmizdə aqrar islahatların yeni mərhələsinə başlanılıb, dövlətimizin başçısı bu sahədə kompleks islahatların aparılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Bu çərçivədə ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi tədbirləri son illər daha da artırılıb. Eyni zamanda, müvafiq istiqamətlər üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün nazirliyin və tabelikdə olan qurumların institusional potensialının köklü şəkildə inkişaf etdirilməsi, xidmət infrastrukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün mühüm işlər görülüb. Nazir qeyd edib ki, görülən işlərin səmərəliliyinin artırılması üçün nazirliyin strateji təhlil, proqnozlaşdırma və monitorinq sahəsində potensialının ölkədə həyata keçirilən islahatların yeni mərhələsinə uyğun olaraq daha da gücləndirilməsinə ehtiyac var.

FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak qeyd olunan istiqamətdə nazirliyə dəstək vermək üçün beynəlxalq ekspert cəlb edildiyini bildirərək deyib ki, kənd təsərrüfatı iqtisadiyyatı üzrə qısa, orta və uzunmüddətli dövr üzrə fəaliyyət planı hazırlanıb. Birgə layihələrin uğurla davam etdirildiyini vurğulayan Mələk Çakmak bu fəaliyyət planının həyata keçirilməsi üçün də FAO-nun öz dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.

Beynəlxalq ekspert Haluk Kasnakoğlu layihənin hər bir mərhələsi üzrə ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə strateji təhlil, proqnozlaşdırma və monitorinq sisteminin peşəkar standartlar əsasında inkişaf etdirilməsi üçün Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təcrübəsi tətbiq olunacaq. Qısa və ortamüddətli dövrdə mövcud məlumat bazaları təkmilləşdiriləcək, kənd təsərrüfatı sahəsinin modelləşdirilməsi sistemi qurulacaq və təlimlər keçiriləcək. Daha sonra bu sistemlərin davamlı olaraq tətbiqi və inkişafı ilə bağlı uzunmüddətli layihə həyata keçiriləcək.

Görüşdə layihənin bütün mərhələləri üzrə icra planı ətraflı müzakirə olunub, layihənin icrası ilə bağlı nazir Heydər Əsədov aidiyyəti strukturlara tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.