İQTİSADİYYAT
Azərbaycanda keyfiyyəti idarəetmə sistemləri beynəlxalq standartlar əsasında qurulur
Ölkəmizdə gedən sürətli iqtisadi inkişaf keyfiyyət infrastrukturunun tərkib hissələri olan standartlaşdırma, metrologiya, akkreditasiya, sertifikatlaşdırma sahələrinin beynəlxalq standartlara uyğun qurulmasına imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu “İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasının müəssisə və təşkilatların fəaliyyətinin səmərəli təşkilində rolu” mövzusunda keçirilən seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev dedi. Aparat rəhbəri bildirdi ki, müəssisələrdə işçilərin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyinin təmin olunması sahələrində beynəlxalq standartların tətbiqi aktual məsələlərdir. Bu istiqamətdə komitə beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. İSO seriyalı standartların tətbiqi və bunun əsasında sertifikatlaşdırma işlərinin təkmilləşdirilməsi üçün bir sıra layihələr icra olunub.
Komitənin “AzSERT” sertifikatlaşdırma orqanının rəhbəri Bəhram Yaqubov idarəetmə sistemlərinin sertifikatlaşdırılmasında xarici təcrübə, ölkəmizdə beynəlxalq standartlardan istifadə edilməsi, bu standartların tətbiqi nəticəsində müəssisə və təşkilatlar qarşısında açılan imkanlar haqqında məlumat verdi.
Türkiyə Akkreditasiya Qurumunun direktor müavini Əhməd Təkin Azərbaycanda keyfiyyəti idarəetmə sistemlərinin beynəlxalq standartlar əsasında inkişaf etdiyini bildirdi. Bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirən mütəxəssis iki qurum arasında əməkdaşlıq əlaqələrinin davamlı olacağına əminliyini ifadə etdi.
Seminarda idarəetmə sistemlərinin sertifikatlaşdırılmasında Türkiyə təcrübəsinə dair təqdimat oldu, görüləcək işlərlə bağlı müzakirələr aparıldı.