ELM VƏ TƏHSİL
Azərbaycanda kimya elminin inkişafında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun müstəsna xidmətləri var
Bakı, 15 noyabr, P.İmanova, AZƏRTAC
Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, elmi istiqamətlərindən və nailiyyətlərindən söz açıb. Bildirilib ki, Azərbaycanda kimya elminin inkişafında və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun müstəsna rolu var. Ölkəmizdə neft kimyasının inkişafı kimya elmi ilə sıx bağlı olub və bu sahədə çox böyük alimlər yetişib. Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Əli Quliyev, Həbib Şahtaxtinski, Xudu Məmmədov və digər görkəmli alimlərimizin adı Azərbaycan kimya elminin tarixinə qızıl hərflərlə yazılıb. Ölkəmizdə kimya elminin və sənayesinin inkişafında bu alimlərin mühüm xidmətləri olub.
Yubiley münasibətilə institutun kollektivini təbrik edən akademik A.Əlizadə onlara elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
İnstitutun direktoru, akademik Dilqəm Tağıyev bu elm müəssisəsinin yaranması, inkişaf mərhələləri, burada aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr barədə məruzə ilə çıxış edib. Bildirilib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılıb. Hələ 1929-cu ildə Azərbaycana dəvət edilən, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olub. 1965-ci ildə Kimya İnstitutu Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılıb. Həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi ilə fəaliyyət göstərən nəzəri problemlər şöbəsinin əsasında Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu təşkil olunub. 2002-ci ildə isə bu iki institut birləşdirilərək AMEA-nın akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu adlandırılıb. 2014-cü ilin aprelində isə Nazirlər Kabinetinin və AMEA-nın rəyasət heyətinin müvafiq qərarlarına əsasən institutun adı dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılıb.
İnstitutun son illərdə əldə etdiyi nailiyyətlərdən söz açan D.Tağıyev yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrin və onlara edilən istinadların sayının sürətlə artdığını, innovasiya xarakterli işlərin yerinə yetirildiyini, bəzi işlərin tətbiq olunduğunu, gələcəkdə institutun elmi simasını müəyyənləşdirəcək elmi istiqamətlər üzrə tədqiqatların başlandığını diqqətə çatdırıb.
Akademiklər Abel Məhərrəmov, Fuad Əliyev, Fəxrəddin Qədirov, Vaqif Abbasov, Adil Qəribov və digər çıxış edənlər institutun çoxsahəli fəaliyyətindən, əldə etdikləri elmi nailiyyətlərdən danışıblar.
Tədbirdə kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi-tədqiqat işlərinin nəticələri və perspektivləri müzakirə edilib, məruzələr dinlənilib, 185 poster nümayiş olunub.
Konfrans noyabrın 16-da işini bölmə iclasları ilə davam etdirəcək.