CƏMİYYƏT


Azərbaycanda korrupsiyaya qarşı mübarizə bundan sonra da uğurla davam etdiriləcək

A+ A

Bakı, 15 iyul, AZƏRTAC 

İyulun 15-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin birinci yarımilində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi, 2016-cı ilin birinci yarısında da bütün sahələrdə mühüm nailiyyətlərin qazanıldığını, irimiqyaslı uğurlara imza atıldığını xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, dünyada mövcud siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əsassız yoxlamaların aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetmənin təmin olunması məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirilib.

Bildirilib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”dır. Fəaliyyət Planının icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı baş prokuror tərəfindən 2016-cı il mayın 19-da təsdiq olunub.

Vurğulanıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi, fəaliyyətini cari ilin birinci yarısında da eyni intensivliklə həyata keçirib.

Hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılıb, cinayət xarakterli 146 material araşdırılıb. Həmin materialların 97-i (66 faizi) üzrə cinayət işi başlanıb, 49 (34 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.

Cari ilin birinci yarımilində Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olub. Həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkarlanan qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.

Həmin dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb.

K.Əliyev diqqətə çatdırıb ki, ilin birinci yarısında Baş İdarədə dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat (32,2 faiz) ödənilib. Qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Bildirilib ki, hesabat dövründə Baş İdarədə 1264 vətəndaş qəbul edilib. Onlardan 39-u bilavasitə Baş İdarə rəisi, 91-i idarə və şöbə rəisləri, 1134-ü isə Baş İdarənin prokurorları tərəfindən qəbul edilib.

Bu dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 3 şəxs barəsində inzibati iş üzrə icraat açılıb, 3 vəzifəli şəxsə qanun pozuntusunun aradan qaldırılması barədə xəbərdarlıq edilib.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynov korrupsiyaya qarşı mübarizə sahəsində parlamentin rolu, səmərəli antikorrupsiya qanunvericiliyinin formalaşdırılması üçün həyata keçirilən tədbirlər, bu məqsədlə müzakirə edilən qanun layihələri, habelə idarə heyətinin üzvü olduğu Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyəti və həmin qurumun ölkəmizlə ikitərəfli əlaqələri barədə ətraflı məlumat verib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsini icra edən Kamal Cəfərov bildirib ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisi olaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və institusional islahatların davam etdirilməsi, əlaqəli dövlət orqanları ilə birlikdə daha böyük korrupsiya şəbəkələrinin aşkar edilməsi istiqamətində dövlət orqanları, o cümlədən prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoyub. K.Cəfərov, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib. Belə ki, aprelin 21-22-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Rəhbər Qrupunun 20-ci görüşündə qabaqcıl ölkələr kimi, Azərbaycan və Gürcüstan IV Monitorinq Raunda daxil olub. Monitorinq Raundu çərçivəsində iyunun 20-24-də qurumun 10 nəfərdən ibarət ekspertlər qrupu ölkəmizə səfər edib. Qrup Azərbaycan üzrə müvafiq hesabatın hazırlanması ilə əlaqədar bir sıra dövlət orqanlarının nümayəndələri ilə antikorrupsiya siyasəti, biznesdə dürüstlük, korrupsiyaya qarşı mübarizəyə dair cinayət qanunvericiliyi və onun praktikada tətbiqi, dövlət qulluğunda dürüstlük, korrupsiya cinayətlərinin ibtidai istintaqı, dövlət ittihamının müdafiəsi və digər mövzularda müzakirələr aparıb. Azərbaycan üzrə müvafiq monitorinq hesabatın Şəbəkənin sentyabrın 14-16-da Parisdə keçiriləcək növbəti iclasında qəbul edilməsi nəzərdə tutulub.

Həmçinin cari il fevralın 4-də Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Bundan başqa, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA), Beynəlxalq Antikorrupsiya Akademiyasi (İACA), GUAM və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb, Misirin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun, Türkiyə Ali Məhkəməsinin, Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti Baş İdarənin də fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd edilib ki, Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə münasibətlərin sıx qurulmasına xüsusi önəm verilir. İdarənin fəaliyyəti, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, həmin onların reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlərlə əlaqədar KİV-lərdə informasiyalar dərc edilib.

Cari il iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan mənfi təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərə uyğun olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilərək bu kateqoriyadan olan cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində ilin birinci yarısında Baş İdarə tərəfindən görülən işləri müsbət qiymətləndiriblər.

Sonda QHT və KİV nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.