CƏMİYYƏT
Azərbaycanda leykoz xəstəliyinin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub
Bakı, 11 yanvar, AZƏRTAC
Son zamanlar leykoz xəstəliyinin diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu, ilk növbədə, leykozların molekulayar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib hazırlanmasına aiddir. Ölkəmizdə bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyənləşdirilməsi təcrübədə tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirdə məlumat verilib.
İnstitutun direktoru Zöhrə Əlimirzəyeva vurğulayıb ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın həyata keçirilməsi mümkün deyil. Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlər zamanı xüsusilə artır. Son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donorluq sahəsində köklü islahatlar aparılıb. Qan xidməti müəssisələri şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilib. Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan tədarük edən müəssisələrinin sayı xeyli azalıb. Bu isə donorların səmərəli istifadəsinə və donor qanının infeksiyalara görə yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaradıb.
Qeyd olunub ki, bununla yanaşı, qan xidməti müəssisələri ən müasir avadanlıqlarla təmin edilib. Bu isə komponent donorluğunun inkişafına və qanın infeksiyalara görə yoxlanılması üçün immunoferment üsuluna əlavə olaraq polimeraz zəncirvari reaksiya üsullarının tətbiq edilməsinə imkan yaradıb. Transfuziyadan sonrakı immunoloji ağırlaşmaların qarşısını almaq məqsədilə Mərkəzi Qan Bankında donor və resipiyentin uyğunluğunu təmin etmək üçün qanın seçilməsi və çarpaz reaksiyanın aparılması da tətbiq edilib. Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarıb.
Z.Əlimirzəyeva diqqətə çatdırıb ki, institutda “Azərbaycanda hemoblastozların gediş xüsusiyyətlərinin və müalicə prinsiplərinin öyrənilməsi”, “Azərbaycanda hemoqlobinopatiyaların diaqnostikasının, müalicəsinin və profilaktikasının müasir səviyyədə işlənib hazırlanması”, “Azərbaycanda hematoloji və onkohematoloji xəstəliklərin immunofenotipik xüsusiyyətlərinin öyrənilməsi” və s. mövzular üzrə elmi işlər aparılıb. Bu mövzular üzrə 2016-cı ildə “Azərbaycanda qanköçürmənin tarixi” adlı monoqrafiya, 2 metodik vəsait, 1 kitabça, 19 məqalə və tezis çap olunub.