REGİONLAR
“Azərbaycanda maldarlığın və süni mayalama xidmətlərinin inkişafı” layihəsi çərçivəsində yekun seminar keçirilib
Bakı, 24 may, AZƏRTAC
Göygöl rayonunda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “Azərbaycanda maldarlığın və süni mayalama xidmətlərinin inkişafı – TCP/AZE/3502” layihəsi çərçivəsində yekun seminar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda mütəxəssis hazırlığı, xüsusi təyinatlı avadanlıqlarla təchizat, beynəlxalq əlaqələrin qurulması, ölkə daxilində heyvanların süni mayalandırılması tədbirlərinin miqyasının genişləndirilməsi və səmərəliliyinin artırılmasına layihə tərəfindən verilmiş töhfələr və əldə edilmiş təcrübə müzakirə olunub.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin əməkdaşı Tibor Szucs regionda heyvandarlığın inkişafı sahəsində təşkilatın dəstəyi ilə həyata keçirilən layihələr haqqında təqdimatla çıxış edib, icrası başa çatmış layihədən əldə edilmiş təcrübənin digər ölkələrdə tətbiqi baxımından əhəmiyyətli olduğunu bildirib. Vurğulanıb ki, layihə icra proqramına uyğun həyata keçirilib və hədəf göstəricilərinə nail olunub.
Seminarda FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev iştirak edib.