İQTİSADİYYAT
Azərbaycanda maldarlıq və süni mayalanma xidmətləri inkişaf etdiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Azərbaycanda maldarlığın və süni mayalanma xidmətlərinin inkişaf etdirilməsi” layihəsi üzrə sənəd imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən təşkilatın Azərbaycandakı nümayəndəsi Mustafa İmir imzalayıblar.
Növbəti iki il ərzində həyata keçiriləcək layihənin məqsədi heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsindən, fermerlərə keyfiyyətli süni mayalama və heyvandarlıq xidmətlərinin göstərilməsi sahəsində potensialın artırılmasından ibarətdir. Bu isə nəticə etibarilə qaramalın məhsuldarlığının yüksəldilməsinə, fermerlərin gəlirlərinin və fermerlərin süni mayalanma xidmətlərinə inamlarının artmasına töhfə verəcək.
Layihə çərçivəsində, eyni zamanda, istehsal olunan heyvan toxumunun keyfiyyətinin yüksəldilməsi, süni mayalanma mütəxəssisləri assosiasiyasının yaradılması, süni mayalama mütəxəssislərinin bacarıqlarının inkişaf etdirilməsi, süni mayalanma tədbirlərinin genişləndirilməsi və heyvan toxumunun yerlərə çatdırılmasının asanlaşdırılması sahəsində yardım göstəriləcək.