İQTİSADİYYAT
Azərbaycanda maliyyə savadlılığı üzrə təlimçilərin illik yığıncağı keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Azərbaycanda maliyyə savadlılığı üzrə təlimçilərin illik yığıncağı və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsinin yekun konfransını təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi maliyyə savadlılığı üzrə təlimçiləri və digər peşəkarları bir araya gətirərək, fərdlərin və onların ailələrinin maliyyə resurslarını maksimallaşdırmaq məqsədilə yeni strategiyanın və əməkdaşlığın inkişafına dəstək olmaqdır.
Konfransda layihənin nəticələri, əldə olunan faydalar və aradan qaldırılan çətinliklər, Azərbaycanda maliyyə savadlılığı üzrə təcrübələr, Avropa və Mərkəzi Asiya regionunda maliyyə savadlılığı üzrə proqramların təcrübəsi, layihənin gələcək işinin davamlılığı, üzvlərin və tərəfdaş təşkilatların planları əsas müzakirə mövzusu olub.
Konfransda Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Duarte, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimova və başqaları maliyyə savadlılığının vacibliyi və faydaları haqqında fikirlərini iştirakçılarla bölüşüblər.