MƏDƏNİYYƏT
Azərbaycanda mədəniyyətə, xüsusilə aşıq sənətinə yüksək diqqət və qayğı göstərilir
Təbriz, 22 noyabr, Rabil Kətanov, AZƏRTAC
“Azərbaycanda mədəniyyətə, xüsusilə aşıq sənətinə yüksək diqqət və qayğı göstərilir. Şəmkir rayonunda keçirilən beynəlxalq tədbir bunun bariz nümunəsidir”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Təbrizin tanınmış aşıq ustası Böyükbəy Ələkbəroğlu deyib.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Şəmkirdə keçirilən İkinci Beynəlxalq Aşıq Festivalının iştirakçısı olmuş B.Ələkbəroğlu Azərbaycan səfərinin təəssüratlarını bölüşüb. O deyib: “Mən dünyanın bir çox ölkəsini gəzmişəm, konsert və festivallarda iştirak etmişəm. Lakin Azərbaycanda gördüyüm qonaqpərvərliyi heç bir yerdə görməmişəm. İnsanların mehribanlığı ilə yanaşı ölkənin abadlığı və gözəlliyi valehedicidir. Təkcə paytaxt Bakı şəhəri deyil rayonlarda öz gözəlliyi ilə göz oxşayır.
Təbrizli aşıq bildirib ki, yalnız İran sənətkarlarına deyil festivalda iştirak edən bütün qonaqlara yüksək münasibət göstərildi.
İran ilə Azərbaycanın əlaqələrinin son vaxtlar yüksələn xətlə inkişaf etdiyini vurğulayan sənətkar deyib ki, mədəniyyət sahəsində çalışanlar artıq əlaqə yaradıblar. Azərbaycanın muğam ustaları Təbrizdə və İranın digər şəhərlərində konsert proqramı ilə çıxış ediblər. İranlı aşıqlar da Azərbaycanda keçirilən müxtəlif tədbirlərə qatılırlar. Bütün bunlar onu deməyə əsas verir ki, iki dost və qardaş xalqı bir-birinə sıx tellər bağlayır. Mədəniyyət sərhəd tanımayan bir sahədir. Bu sahədə əlaqələrin inkişafı xalqların və dövlətlərin əməkdaşlığını genişlənməsinə səbəb olur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran