CƏMİYYƏT
Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsinə dair seminar keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi layihəsi” çərçivəsində seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov layihənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu layihə müvafiq tələblərə cavab verən yanaşma əsasında və Azərbaycan Respublikasının dövlət qurumlarının xüsusi vəzifələrini və ehtiyaclarını nəzərə almaqla emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məsələlərindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyır. Layihə 2012-ci ildə Avropa İttifaqı və Azərbaycan Hökuməti tərəfindən qəbul edilmiş Hərtərəfli İnstitusional Quruculuq proqramının ikinci İnstitusional İslahat Planına uyğun olaraq, qurum ilə Azərbaycan arasındakı viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərində nəzərdə tutulan islahatların 2014-2017-ci illərdə səmərəli şəkildə həyata keçirilməsi ilə ölkəmizin miqrasiya idarəçiliyi potensialını xeyli gücləndirib. F.Qurbanov deyib ki, layihənin məqsədi dövlət orqanlarının potensialının gücləndirilməsidir. Bu layihə Azərbaycan, o cümlədən DMX və digər qurumlarla BMqT arasında əməkdaşlığın daha da genişlənməsinə yardım edib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak miqrasiya prosesinin tənzimlənməsində qarşılıqlı əməkdaşlığın, BMT-nin və müvafiq qurumların birgə fəaliyyətinin zəruri olduğunu deyib. Azərbaycanda miqrasiya prosesləri ilə bağlı möhkəm hüquqi bazanın yaradıldığını bildirən Serhan Aktoprak bu proseslərin tənzimlənməsində əməkdaşlığa böyük əhəmiyyət verən ölkəmizin BMT-nin və digər beynəlxalq təşkilatların konvensiyalarına və mühüm sənədlərinə qoşulmasını yüksək qiymətləndirib.
Tədbirdə iştirakçılara “Konsulluq istinad kitabçası” təqdim edilib.