MƏDƏNİYYƏT
Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkiləcək
Bakı, 24 may, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkilişlərinə dair layihə müzakirə edilib, bununla bağlı nümayəndə heyətinin Bakı, Gəncə şəhərlərinə və Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və Qafqazın digər ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılması, eləcə də ölkəmizdəki multikultural mühit və tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasıdır.
Görüşdə Sevda Məmmədəliyeva almanların ölkəmizdə məskunlaşma tarixi, həyat tərzi haqqında məlumat verib. O, almanların ölkəmizdə yaratdıqları memarlıq nümunələrindən danışaraq vurğulayıb ki, Azərbaycanda alman irsinin qorunması, təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlərdən biri kimi Göygöldə yerləşən alman icmasının tarixi muzeyini xüsusilə qeyd edib və bu kimi mədəniyyət obyektlərinin iki xalq arasında dostluq nümunəsi olduğunu bildirib.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux ilin sonunadək çəkilməsi planlaşdırılan filmin Azərbaycan və alman ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Kinorejissor Fridhelm Brükner layihənin reallaşmasının Azərbaycanın Almaniyada, habelə Avropada tanınmasına böyük təsir göstərəcəyini deyib. O qeyd edib ki, filmin Almaniyanın bir neçə televiziya kanalında yayımı nəzərdə tutulur. Azərbaycanın turizm sektorunun tanıdılmasının filmin hazırlanması məqsədlərindən biri olduğunu diqqətə çatdıran Fridhelm Brükner cari ilin sentyabr ayından filmin çəkilişlərinə başlanacağını söyləyib.
Filmdə Azərbaycanda alman izləri ilə yanaşı, ölkəmizin tarixi, tolerantlığı və multikulturalizm ənənələri də lentə alınacaq.
Qeyd edək ki, film 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul edilmiş qərara əsasən Azərbaycanda mövcud olan alman irsi haqqında olacaq.