ELM VƏ TƏHSİL
Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması Ulu Öndərin adı ilə bağlıdır
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunan videokonfransda fondun icraçı direktoru Oqtay Səmədov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider maarifçilik ideyalarının inkişafına, milli təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni məktəblərin tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi önəm verib.
Mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində ölkəmizin gələcək taleyi ilə bağlı problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran olub. Vurğulanıb ki, köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra, onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qalıb. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi. H.Babaoğlu deyib: “Məhz belə bir mürəkkəb situasiyanın fonunda siyasi palitrada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar. Belə olduğu halda konstruktivlik və milli həmrəylik naminə mövqelərin yaxşılaşdırılması əvəzinə maksimalistlik meyilləri artır, bir-birini inkar formulu aksiomaya çevrilirdi”.
H.Babaoğlu qeyd edib ki, vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başlayıb. Bu, Yeni Azərbaycan Partiyası və onun yaradıcısı ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar olub. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm olub. Azərbaycançılıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrilib. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi də məhz bu modelin dünyaya daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayıb.
Sonda bölgə ziyalılarının fikirləri səslənib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Videokonfransda Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Şəki, Qazaxdan olan ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.