REGİONLAR


Azərbaycanda narçılıq sahəsində zəngin təcrübə  Kolumbiya nümayəndə heyətində böyük maraq oyadıb

Kürdəmir, 16 iyun, Adil Ağayev, AZƏRTAC

Tərkibi mikroelementlərlə zəngin olan, xüsusi dada malik Azərbaycan narı bu gün dünyada analoqu olmayan meyvədir və hər il Rusiyaya, Belarusa, Kanadaya, Yeni Zelandiyaya, Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Koreya Respublikasına və digər ölkələrə ixrac olunur. Təsadüfi deyil ki, təbii iqlim şəraiti nisbətən uyğun olan bir sıra ölkələr yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın həm də narı ilə maraqlanır, öz ölkələrində təsərrüfatın bu sahəsini yaratmaq istəyirlər. Kolumbiya Respublikası da məhz bu ölkələrdəndir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqin narçılıq təsərrüfatları ilə tanış olmaq, öz ölkəsində bu cür təsərrüfatlar yaratmaq imkanlarını öyrənmək məqsədilə iyunun 16-da Kürdəmir rayonuna gəliblər.

Qonaq Kürdəmirin Karrar qəsəbəsindəki “Mars FK” MMC-yə məxsus 472 hektar sahədə məhsuldar bağla tanış olublar.

Kolumbiyalı naziri rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, sahibkar Arif Qaraşov, Azərbaycan Nar İstehsalçıları Assosiasiyasının sədri Vaqif Tağıyev qarşılayıblar.

Çay süfrəsi arxasında qonaqlara narçılıq təsərrüfatı, onun avtomatlaşdırılan idarəetmə sistemi, becərmə texnologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, təsərrüfatda gülöyşə, şah nar, meyxoş, vələs və sair olmaqla 6 növ nar bağı mövcuddur. Hər növün özünəməxsus dadı və tərkibi var.

Azərbaycan narına böyük marağın göstərildiyi qeyd olunaraq məlumat verilib ki, hələ ötən əsrin 20-ci illərinin əvvəllərində Göyçay qəzasından aparılan tinglərlə ABŞ-ın Kaliforniya ştatında böyük plantasiyalar salınıb.

Kolumbiyanın Azərbaycandakı səfiri Marta Qalindo Pena ölkəsində narçılığa böyük maraq göstərildiyini, bu sahənin yaxşı gəlir verə biləcəyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, azərbaycanlı bağbanlar, lazım gələrsə bu işdə onlara kömək edərlər.

Sahibkar A.Qaraşov təsərrüfatlarında istənilən qədər tinglər yetişdirməyə və Kolumbiyada iri nar bağlarının salınmasına hər cür kömək göstərməyə hazır olduqlarını bildirib.

Sonra qonaqlar nar bağlarına gediblər. Burada onlar nar ağacının xüsusiyyətləri, suvarma texnologiyası, yaşıl budama və onun zəruriliyi barədə məlumatlandırılıblar.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

Kolumbiyalı qonaqlar həmin gün Hacıqabuldakı 40 hektar nar bağı ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.