CƏMİYYƏT
Azərbaycanda notariat fəaliyyətinin daha səmərəli təşkil olunması ilə bağlı işlər davam etdirilir
Bakı, 31 iyul, AZƏRTAC
Dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımızın davamlı inkişafı təmin olunub, mülki münasibətlərin dairəsi xeyli genişlənib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat təsisatının müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib, beynəlxalq təcrübə nəzərə alınmaqla xüsusi notariat institutu tətbiq edilib və şəffaf müsabiqələr yolu ilə yeni notariuslar korpusu formalaşdırılıb.
Notariat fəaliyyətinin daha səmərəli təşkil olunması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə işlər davam etdirilməkdədir. Hazırda Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur. Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2017-ci ilin avqustun 1-dən etibarən Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.
Xatırladırıq ki, “Notariat haqqında” Qanunun və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Müsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar, həmçinin notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.
Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.
Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcək.