REGİONLAR
Azərbaycanda növbəti illər üçün yeni baytarlıq strategiyası hazırlanacaq
Bakı, 25 fevral, AZƏRTAC
Beynəlxalq Epizootik Büronun 3 mütəxəssis-eksperti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) qiymətləndirmə missiyasını həyata keçirmək məqsədi ilə ölkəmizdə səfərdədir.
DBNX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mütəxəssis-ekspertlərlə keçirilən görüşdə Xidmətin rəisi Sialə Rüstəmova ölkəmizdə bu sahədə görülən işlərdən danışıb. Qeyd olunub ki, DBNX-də qiymətləndirmə ilk dəfə 2008-ci ildə aparılıb. 2011-ci ildə ölkəmizdə Beynəlxalq Epizootik Büro tərəfindən “Qəlp analizləri”, yəni boşluqların müəyyən edilməsi missiyası həyata keçirilib. Bu missiya zamanı hesabat hazırlanıb və xidmətin strategiyası müəyyən edilib.
Xidmət rəisi 2014-cü ilin sonunda kənd təsərrüfatı naziri Heydər Əsədovun təşəbbüsü ilə növbəti bir missiyanın, laboratoriyaların qiymətləndirilməsinin həyata keçirildiyini qeyd edərək vurğulayıb ki, bu qiymətləndirmə zamanı həm Respublika Baytarlıq Laboratoriyası, həm də zona baytarlıq laboratoriyaları üçün yeni strategiya hazırlanıb.
Məlumat verilib ki, Beynəlxalq Epizootik Büronun ekspertlərinin qiymətləndirmələrinin nəticəsində yerli mütəxəssislərlə birlikdə növbəti illər üçün müasir baytarlıq strategiyası hazırlanacaq.
Torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə də toxunan S.Rüstəmova qeyd edib ki, bu ərazilərdə epidemioloji, epizootoloji duruma nəzarət etmək mümkün deyil: “Belə bir vəziyyət tək bizim ölkəmiz üçün deyil, bütün region, dünya ölkələri üçün təhlükə törədir”, - deyə Xidmət rəisi bildirib.
Tədbirdə ekspert qrupunun rəhbəri Slabadan Çakrevsik baytarlıq xidmətinin standartları, strategiyası, qiymətləndirmənin aparılma istiqamətləri, baytarlıq xidmətində kəmiyyət və keyfiyyətin artırılması və digər məsələlərə dair təqdimatla çıxış edib.